XƏSTƏLİKLƏR

Bradzot

Bradzot – (ildırımvari ölüm) itigedişli toksiko infeksion xəstəlik olub, şirdan və onikibarmaq bağırsağın hemorroji iltihabı ilə səciyyələnir. Xəstəlik qeyri kontagiozdur.

Tarixi məlumat

Zamanında Avropanın şimal hissəsindəki ölkələrdə xəstəlik çoxdan məlum olmasına baxmayaraq, onu sərbəst xəstəlik kimi 1875-ci ildə Krabbe göstərmiş, xəstəliyin törədicisini isə 1888-ci ildə N.Nilsen aşkar etmiş və onu Cl.septicum adlandırmışdır. Sonralar Hayqer xəstə heyvanlardan Cl.septicum ilə bərabər Cl.odematiens-də ayırmışdır.

Azərbaycan alimlərindən M.M.Fərzəliyev, Y.B.Səfərov və R.A.Qədimov xırda buynuzlu heyvanların bradzotunun epizootologiyası, klinikası, diaqnozu həmçinin xəstəliyə qarşı qoruyucu vasitələrin işlənməsi və tətbiqi məsələləri ilə əlaqədar fundamental elmi tədqiqatlar aparmışlar.

Keçmiş SSRİ-də bradzot əksər coğrafi zonalarda qoyunçuluq təsərrüfatlarında müşahidə olunur. Müstəqil respublikamızın müxtəlif bölgələrində mövcud olan qoyunçuluq təsərrüfatlarında bradzot özünü biruzə verir. Müəyyən olunmuşdur ki, bradzot zamanı sürünün 15-30%-i xəstələnir və çox vaxt xəstələrdə 100% ölüm baş verir.

Xəstəliyin törədicisi

Xəstəliyin törədiciləri əsasən Cl.septicum və Cl.odematiensin A tipidir. Bundan əlavə xəstə heyvanlardan Cl.sordelli və Cl.odematiens-in B tip idə ayrılır.

Cl.septicum polimorf-hərəkətli, Qram üsulu ilə müsbət boyanan, subterminal sporlara malik olan amilin uzunluğu 4-5 mkm-dir. Köhnəlmiş kulturalardan hazırlanmış yaxmalarda, amil qram mənfi boyanır. Xəstəlikdən ölmüş heyvanların parenximatoz orqanlarından hazırlanmış yaxmada amil çox vaxt sap şəklində görünür. Amil Kul-turalaşdırılan zaman Kitt-Tarossi mühitini bulandırır və qaz əmələ gətirir. Qanlı aqarda hemoliz zonası, bərk qidalı mühitlərində isə kə-narları nahamar yarımşəffaf koloniyalar yaradır. Maye qidalı mühitlərdə intensiv ekzotosksin ifraz edir.

Törədiciyə məxsus olan ekzotoksin – alfa, beta, qamma və delta toksin fraksiyalarından ibarətdir.

Etioloji amilin orqanizmdə pataloji prosesi törətməsi, törədiciyə məxsus olan hemolizin, dezoksiribonukleaza və hialuronidaza faktorları ilə əlaqədardır.

Cl.odematiens düz və ya zəif dərəcədə əyilmiş, hərəkətli, Qram üsulu ilə müsbət boyanan obliqat anaerobdur. Subterminal sporlanmaya malikdir. Kitt-Tarossi mühitini bulandırır və zəif dərəcədə qaz əmələ gətirir. Bərk qidalı mühitlərdə anaerob şəraitində iri yarımşəffaf bozumtul koloniyalar yaradır. Qanlı aqarda nahamar koloniyalar və bunların ətrafında hemoliz zonası müşahidə edilir.

Cl.odematiens-in dörd tipi müəyyən olunmuşdur ki, bunlardan A tipi-Cl.novyi, B tipi Cl.gigans, C tipi Cl.bubalarum və D tipi Cl.haemolyticum adlanır. Xəstəlik törədicisinin sporları, fiziki və kimyəvi faktorların təsirinə çox davamlıdır.

Amil torpaqda əlverişli mühit şəraitində illərlə yaşaya bilir. Sporlar qaynama temperaturunda 30-60 dəqiqə müddətində məhv olur. Kimyəvi dezinfeksiya maddələrindən 10%-li isti (700C) kükürd-karbol qarışığı məhlulu, 5%-li isti Natrium qələvisi, 10%-li isti formaldehid məhlulu, xlorlu əhəng törədiciyə qarşı effektli vasitələr hesab edilir.

Epizootoloji xüsusiyyətləri

Təbii şəraitdə yaş və cinsdən asılı olmayaraq bradzotla yalnız qoyunlar xəstələnir. Xüsusilə 2 yaşa qədər heyvanlar xəstəliyə daha çox həssaslıq göstərirlər. Bradzot ilin bütün fəsillərində, xüsusilə yaz və payızda daha çox müşahidə edilir. Xəstəlik epizootik alovlanma ilə özünü biruzə verir. Qeyri-sağlam təsərrüfatlarda xəstəliyin baş verməsində yemin keyfiyyətinin birdən-birə dəyişilməsi, bir dəfəyə çoxlu miqdarda yeni göyərmiş otun qəbulu, heyvanlarda helmintozlar və mineral azlığı mühüm rol oynayır.

Xəstəlik törədicisinin mənbəyi xəstə və basildaşıyan heyvanlardır. Qoyun cəsədləri və xəstəlik törədiciləri ilə çirklənmiş otlaq sahəsi, su, toplanmış yem məhsulları infeksiya törədicisinin yayıcısı kimi böyük əhəmiyyət kəsb edir. Amillə çirklənmiş çay və göl kənarı, həmçinin suvarılan sahələr daha qorxulu hesab olunur və mühüm epizootoloji əhəmiyyət kəsb edir.

Xəstəliyə görə qeyri sağlam ərazilərdə bradzot hər il otlaq sahələrində, xüsusilə otların göyərməsi, çiçəklənməsi, yağışdan sonra heyvanların otarılması zamanı müşahidə edilir. Bəzən heyvanların axmaz sulardan suvarılması və donmuş yemlərdən istifadə edildikdə xəstəlik baş verir. Bradzot kök və azhərəkətli qoyunlarda daha çox müşahidə edilir. Əsas yoluxma yolu alimentar yoldur. Xüsusilə amilin sporları ilə çirklənmiş yem və suyun qəbulu zamanı yoluxma baş verir.

Patogenez

Bradzotun patogenezində orqanizmin ümumi rezistentliyinin aşağı düşməsi, mədə-bağırsaq sisteminin sekresiya və hərəki funksiyasının pozulması, birtərəfli yemləmə və qaraciyərdə helmintlərin olması mühüm rol oynayır. Çünki qeyd etdiyimiz bu amillər orqanizmdə bradzotun törədicisinin fəallaşması və sürətli inkişafına səbəb olur. Şirdan və onikibarmaq bağırsağın divarına keçən amil sürətlə çoxalır və güclü toksin hasil edir.

Toksinin təsirindən orqanizmin intoksikasiyası baş verir. Xüsusilə toksin parenximatoz orqanlarda, mərkəzi sinir sistemində zədələnmələr törədir. Ölümdən qabaq qanda xəstəliyin törədicisi müşahidə edilir.

Simptomlar

Bradzot ildırımvarı və iti gedir. İldırımvarı gediş zamanı kliniki olaraq sağlam görünən qoyunların qəflətən ölümü müşahidə edilir.

Ölümdən əvvəl heyvanlarda bəzən güclü sinif tutmaları, görünən selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya və ağızdan köpüklü maye axması müşahidə edilir.

Xəstəliyin itigedişi zamanı bədəndə temperaturun 40,5°-41,0°-yə qədər yüksəlməsi, ümumi düşkünlük, nəbz və tənəffüsün tezləşməsi, ağız və burundan köpüklü maye axması görünür. Bəzən qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı, konyunktivanın hiperemiyası, dişlərin xırçıldaması nəzərə çarpır. Heyvanda hərəkət çətinləşir. Bəzən sinir pozğunluğu əlamətləri, xüsusilə narahatlıq, oyanıqlıq, dairəvi və tullanma hərəkətləri müşahidə edilir. Heyvan yerə yıxılır, ətrafları ilə üzmə hərəkətləri edir. Nadir hallarda heyvanlarda periodik tutmalar və kollaps baş verir.

Xəstəlik törədicisinə məxsus olan toksinlə sirayətlənmiş ərzaq məhsullarından istifadə edən zaman, insanlarda intoksikasiya fenomeni ilə özünü biruzə verən patalogiya yaşanır.

Patoloji anatomik dəyişikliklər

Xəstəlikdən ölmüş heyvanın cəsədində sürətlə çürümə prosesi gedir və cəsəd irin iyi verir. Yarılmış cəsədə baxış zamanı traxeya və bronxların selikli qişası infiltrasiyalı və qan sağıntıları ilə əhatəli olur. Mədə önlükləri yemlə dolu, şirdan isə boş görünür. Diafraqma və plevra üzərində qan sağıntıları nəzərə çarpır.

Köks və qarın boşluğunda qanlı maye görünür. Ağciyər doluqanlı, ürək əzələsi boş konsistensiyalı, epikard və endokardda qan sağıntıları müşahidə edilir. Dalaq azca böyümüş, qaraciyərin üzərində nekroz sahələri aşkar edilir. Böyrəklər boş konsistensiyalı şişkin və hiperemiyalı olur.

Şirdanın selikli qişasında hemorroji iltihab görünür. Onikibarmaq bağırsağın selikli qişası şişkin və hiperemiyalı halda müşahidə edilir. Bu hal kliniki baxımdan xəstəliyə oxşayan anaerob enterotoksemiyadan təfriq etməyə zəmin yaradır. Yoğun bağırsaqda mühüm dəyişikliklər nəzərə çarpmır.

Diaqnoz

Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır və dəqiq diaqnoz məqsədilə bakterioloji müayinədən istifadə edilir.

Patoloji material

Bakterioloji müayinə üçün laboratoriyaya yenicə ölmüş heyvan cəsədi və ya böyrək, dalaq, qaraciyər kəsikləri, şirdan, onikibarmaq bağırsaq və borulu sümük göndərilir. Pataloji material ölümdən 3-4 saat gec olmamaq şərti ilə götürülməlidir. Əks halda düzgün nəticə alınmır. Laboratoriyada patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, amilin təmiz kulturasının alınması aparılır və laboratoriya təcrübə heyvanları üzərində bioloji sınaq qoyulur. Bu məqsədlə ağ siçan və hind donuzlarından istifadə edilir.

Bradzotun törədicilərinin növünü təyin etmək və digər anaeroblardan təfriq etmək üçün NR istifadə edilir.

Təfriqi diaqnoz

Bradzotu qarayaradan, anaerob enterotoksemiyadan, emfizematoz karbunkuldan, pasterellyozdan və piroplazmozdan təfriq etmək lazımdır. Qarayarada dalaq böyüməklə pulpası sıyıqvarı və qətran rəngində olur.

İnfeksion anaerob enterotoksemiyada, qaraciyər və şirdanda iltihab olmur, çox vaxt böyrək yumşalması qeydə alınır.

Emfizematoz karbunkulda xışıldayıcı şişlər və bakterioloji müayinənin nəticəsi əsas götürülür. Bundan əlavə salissinin fermentasiyasını Cl.septicum, saxapozanın fermentasiyasını isə Cl.chauvoeu törədir.

Pasterellyoz üçün xarakterik hal, septiki prosesin baş verməsi və ağciyərin iltihabı ilə özünü göstərir.

Piroplazmozda qanın müayinəsi zamanı eritrositlərdə parazitlər aşkar edilir. Bütün hallarda bakterioloji müayinənin nəticəsi əsas götürülür.

Müalicə

İldırımvari forma zamanı müalicə nəticə vermir. Xəstəliyin iti forması zamanı xəstəlik əleyhi antitoksik serumla birgə biomisin, terramisin və sintomisin antibiotiklərindən ümumi qəbul edilmiş dozada istifadə edilir.

Xəstəliyin iti gedişi zamanı qeyri-spesifik və simptomatik müalicə vasitələrinin də tətbiqi məqsədəmüvafiqdir.

İmmunitet

Xəstəliyə qarşı müxtəlif vaksinlər hazırlanmışdır. Hal-hazırda bradzot, infeksion enterotoksemiya, qoyunların yaman şişi və quzuların anaerob dizenteriyasına qarşı polivalent qatılaşdırılmış hidroksialüminium vaksin işlədilir (F.İ.Kaqan, A.İ.Kolesova). Vaksin məcburi peyvənd zamanı 12-14 günlük fasilə ilə, profilaktiki peyvənd zamanı isə 20-30 günlük fasilə ilə 2 dəfə əzələarasına yeridilir. Bundan əlavə qoyunların klostriliozlarına qarşı L.F.Kirillov və F.İ.Kaqan tərəfindən polianatoksin hazırlanmış və geniş şəkildə istifadə edilir. R.A.Qədimov tərəfindən Qarayara, çiçək və anaerob infeksiyalara qarşı kompleks vaksinasiya üsulu təklif olunmuşdur.

Profilaktika və mübarizə tədbirləri

Bradzotun profilaktikası məqsədilə otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Qoyunların yemlənmə-saxlanma şəraiti yaxşılaşdırılmalı və xəstəliyin baş verməsinə səbəb olan digər maneələr aradan götürülməlidir. Xəstəlik sürüdə müşahidə olunduqda onların otlaq sahəsi dəyişdirilməli və təcili vaksinasiya aparılmalıdır. Xəstəliyə görə qeyri-sağlam zonalarda təlimat əsasında profilaktik vaksinasiya və dehelmentizasiya aparılmalıdır. Heyvanların axmaz sulardan suvarılması və şehli-qrovlu otlaq sahəsində otarılmasına icazə verilməməlidir.

Profilaktik vaksinasiya yaz və payızda heyvanların otlaq sahəsinə keçirilməsinə 30-45 gün qalmış aparılmalıdır.

Xəstəlik baş verdikdə məhdudlaşdırıcı tədbirlərdən istifadə olunur. Təsərrüfata heyvan qəbulu və kənara çıxarılması qadağan olunur, digər heyvanlarda vaksinasiya aparılır. Xəstə heyvanların kəsilməsi və ölmüş heyvanların dərisinin soyulmasına icazə verilmir. Xəstəlikdən ölmüş heyvanların cəsədi dəri ilə birlikdə yandırılmalıdır. Xəstə heyvanların yununun qırxılması və südündən istifadəyə icazə verilmir. Peyin yem qalıqları ilə birlikdə yığılaraq yandırılmalıdır. Qoruyucu vasitələrin sırasında dezinfeksiya işləri əhəmiyyət kəsb edir.

İnsanların sağlamlığını təmin etmək məqsədilə təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri kompleksinin həyata keçirilməsi vacibdir. Bu sırada spesifik profilaktika və dezinfeksiya işləri mütləqdir. Cari dezinfeksiya 3%-li xlorlu əhəng, 10%-li formaldehid, 5%-li natrium qələvisi məhlulları ilə aparılmalıdır.

Siz həmçinin bəyənə bilərsiniz...