Yeniyetməlik bohrani

Yeniyetməlik böhranı

Qızlarda 10, oğlanlarda 12 yaşda başlayan və təqribən 5 il davam edən yeniyetməlik uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bu dövrdə fizioloji, psixoloji və sosial istiqamətdə bir çox dəyişiklik bir arada yaşana bilir. Yeniyetməlikdə ilk dəyişikliklər bədəndə olur. Boy və kütlənin artması ilə yanaşı, ikincili cinsiyyət əlamətləri meydana gəlir. Bu dövrdə oğlanlarda 15-20 sm, qızlarda 20-25 sm boy artımı baş verir. Bədəndə sürətli kütlə artımı gözlənilir. Əvvəllər sekresiya olunmayan cinsi hormonların ifrazı artır. Boy və kütlənin artımı yeniyetməliyin ortasında ən yüksək səviyyədə olur. Bir ildə 7-8 sm-ə qədər boy artımı gözlənilir. Kütlənin də artması paralel olaraq sürətlənir. Yeniyetmə birdən-birə özünü yeni bədəndə görür. Yeni bədən obrazını tanıması və ona alışması lazım gəlir. Yeni bədən obrazı – insanın bədəni haqqında avtomatik sahib olduğu obrazdır. Məsələn, tanıdığınız qapıdan keçərkən başınız dəyməsin deyə, hər dəfə kontrol etmənizə ehtiyac qalmır, bunu avtomatik olaraq bilirik. Eyni şəkildə əzələ gücümüz haqqında da avtomatik obraza sahibik. Lakin yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli dəyişikliyə uğraması ilə əlaqədar “qəzalara” çox rast gəlinir.

Bu dövr niyə əhəmiyyətlidir?

Uşaq Araşdırmaları Hərəkatının qurucusu Stanley Hall 1904-cü ildə yeniyetməlik dövrünün əhəmiyyəti haqqında bu sətirləri qələmə alıb: “Bu dövr həyatın ən yaxşı 10 ilidir. İnsanlar başqa heç bir dövrdə yetkinlərin xoş niyyətli və müdrik səylərinə bu qədər həssas deyildirlər. Digər tərəfdən, heç bir ruhi torpaqda həm xeyir, həm şər toxumları bu qədər dərinlərə kök atmaz və ya bu qədər sürətli şəkildə meyvə verməz”.

Yeniyetməlik, sadəcə, fiziki böyümə dövrü deyil. Yeniyetməlik şəxsiyyət axtarışında olmaqdır. Kim olacağına qərar verməkdir. Maddi dəyərlərin mənəvi dəyərlərin önünə keçdiyi, fəzilətlərin unudulduğu bir dövrdə gələcəyinə dair qərar vermək mərhələsində olan yeniyetmələrimiz ciddi imtahandan keçməli olur.

Yeniyetməlikdə pəhriz barədə nə düşünürsünüz?

Yeniyetmə dövründə bədənin formalaşması əhəmiyyətli göstəricidir. Təəssüflər olsun ki, yeniyetmələr son zamanlarda mediada nümunə göstərilən qadın modellərlə və ya rəfiqələri ilə özlərini müqayisə edir, onları təqlid edirlər. Qida qəbulundan çox, qida əlavələrinə üstünlük verirlər. Nəticədə yanlış dietlərlə orqanizmlərinə ciddi zərərlər vururlar. Təəssüflə deməliyik ki, müasir dövrdə diet yaşı getdikcə azalır. “Mükəmməl bədən”ə sahib olmaq üçün məşhurlara oxşamağa çalışaraq etdikləri yanlış davranışların nəticəsində ruhi sarsıntılar (depressiya, anoreksiya, nevroz kimi ciddi xəstəliklər), somatik zədələnmələr, adət tsiklinin pozulması, hətta intiharlara səbəb olunmasını görmək çox üzücüdür. Gənclərin nə qədər böyüyəcəkləri ana-atalarından aldığı genlərdən və qidalanmalarından çox asılıdır. Aparılan tədqiqatlara görə, qısaboylu və kilolu valideynlərin övladları da kilolu və qısa boylu olmağa meyllidirlər. Yeniyetmə dövründə onlara bu pəhrizlərin təhlükəli tərəflərini izah edin, yanlış diet proqramından istifadə etməsinə mane olun, mütəxəssisdən yardım alın.

“Yeniyetməlik krizi” adlanan vəziyyət, əslində yalnız yeniyetmənin böhranı deyil, onun   ailəsi ilə birlikdə yaşadığı mərhələdir. Bu mərhələ bütün ailə üzvlərinin biri-biri ilə münasibətlərindən çox asılıdır. Krizdə olan yalnız yeniyetmə deyil. Uşaqları yeniyetmə yaşına çatmış üç nəslə aid ailə fərdlərinin mürəkkəb münasibətləri ön plandadır. Belə ki, yarı uşaq, yarı yetişkin yeniyetmələr fəal yaradıcı həyatdan kənarda tutulur. Bir əvvəlki nəsil nənə-babalar yaşlı və təqaüdçü olduqları üçün onlar da yarışdan geri çəkiliblər. Unutmayaq ki, nənə-babalar – artıq həyatın payızına girmənin – məhsuldar iş həyatından uzaqlaşmanın, əzizlərini itirmənin krizini yaşayırlar. Digər tərəfdən, ana-ata nəsli də orta yaşa girib, bu günə qədər aldıqları təhsil, qurduqları iş və ailə həyatını mühakimə etdikləri mərhələdən keçirlər. Etmədiklərinin peşmanlığı, yeni bir iş, yeni həyat yoldaşı mümkünsüz olmasa da, asan da deyil. Gerçək olmayan xəyallar, peşmanlıqlar bədən sağlamlığının pozulmasının ilk əlamətlərini ortaya çıxarır. Və bütün bunlar yeniyetmələrlə olan ailə münasibətlərinə öz təsirini göstərir. Ona görə də yeniyetmə problemləri ailənin problemləridir, ailə içi münasibətlərin nəticələridir. Gəlin, bu krizi aradan qaldırmaqda bir-birimizin yanında olaq, sevgiylə, anlayışla və səbrlə yanaşaq. 

Yeniyetmə övladı olan ailələrimizə hansı tövsiyələri vermək olar?

İngilis psixoanalitiki Winnicottun valideynlərə vahid məsləhəti var – həyatda qalın. İngilis satirasının izlərini əks etdirən bu cümlədə Winnicott yeniyetmə dövrünün həm həyatın bir parçası olduğunu, həm də xətanın mübarizə etməkdən imtina etmək-həyatdan imtina etmək olduğunu göstərmək istəyib.

Yeniyetmələr dəyərlidirlər və ən həssas illərini yaşayırlar. Ruhumuzun gözəllikləri ilə, onlara layiqli model olaq. Təcrübənin az olduğu yeni bədən obrazına sahib olmağa uyğunlaşma prosesində onların yanında olaq, doğru məsləhətlərlə kömək edək. Bir də çətinliklə qarşılaşdıqda mütəxəssisdən yardım alın. Yeniyetməlik uzun dəniz səyahətinə bənzəyir. Günəşli günləri də var, fırtınalı gecələri də. Onlara bu səyahətdə gəmini batırmadan limana çıxarmağa kömək edək…

Nigar Sədiyeva – Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti