Cümə axşamı , İyul 18 2019
Home / Həkim Məsləhətləri / Körpə üçün bir qida var: ana südü – Ekspertlər xəbərdarlıq edir
Körpə üçün bir qida var: ana südü - Ekspertlər xəbərdarlıq edir

Körpə üçün bir qida var: ana südü – Ekspertlər xəbərdarlıq edir

Körpə üçün bir qida var: ana südü - Ekspertlər xəbərdarlıq edir

Son illərdə Azərbaycanda öz körpələrini yalnız ana südü ilə qidalandıran analar azlıq təşkil etməyə başlayıb.
Bəzi analar ya işlə bağlı, bəziləri isə bədən quruluşlarına zərər gəlməsindən çəkindikləri üçün ana südü verməkdən imtina edirlər. Təbii ki, hansısa xəstəliyi, südü yetərincə olmayan analar bu məsələdə istisna təşkil edir. Dünya pediatrları da məsləhət görürlər ki, uşaqlar 2 yaşına qədər ana südü ilə qidalanmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da qeyd edir ki, 6 aya qədər uşağa heç bir əlavə qida, hətta maye belə olmaz. Çünki ana südündə yetərincə hər şey var. Yalnız 6 aydan sonra uşaqlara meyvə şirəsi, pürelər, sıyıqlar, şorbalar verilə bilər.
Bəzi ekspertlər qeyd edirlər ki, uşaq süni qidalarına maraq reklamlarla bağlıdır. Lakin məlum olduğu kimi, bu ilin yanvar ayında ölkə başçısının sərəncamı ilə süni qidaların reklamı hamilə qadınlar və analar arasında, tibb müəssisələrində qadağan olundu. Həmçinin süni qida məhsullarının reklamlarının açıq məkanlarda yerləşdirilməsi də qadağandır. Buna baxmayaraq, ölkəmizdə anaların böyük əksəriyyəti hələ də süni qidalara üstünlük verir. Araşdırmalar zamanı məlum olub ki, ölkəmizdə doğulan uşaqların təxminən 50 faizi ilk gündən süni qidalarla qidalanır. Xüsusi reseptlə hazırlanan qidaların demək olar ki, hamısı xarici ölkələrdən, o cümlədən Almaniya, Polşa, Hollandiya və yaxud Rusiyadan gətirilir. Halbuki adları qeyd olunan ölkələrin əksəriyyətində, xüsusən də Almaniyada anaların əksəriyyəti körpələrini ana südü ilə qidalandırır. Beləliklə, ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır.
Süni qidaların qiymətlərinə gəldikdə ekspertlər qeyd edir ki, ölkəmizdə uşaq süni qidalarının qiymətləri qonşu ölkələrlə müqayisədə 25 faiz bahadır. Son günlərdə isə marketlərdə süni qidaların qiymətlərində yenidən bahalaşma müşahidə olunur. Bir neçə yüz qramlıq uşaq qidalarının qiyməti təxminən 10-40 manat civarında dəyişir. Məsələn, hazırda 400 qramlıq qarışıq “Nutrilon” 15 manata, qarışıq püre (400 qramlıq) 25 manata, qarışıq “Similac” 30 manata, qarışıq keçi südü ilə “Kabrita” 38,8-40 manata, “Friso”nın qiyməti 15-28 manata, adi sıyıqların qiyməti 4-5 manata satılır. Hər uşağa həftədə 2 qutu qida + sıyığın lazım olduğunu nəzərə alsaq, bir ayda bir uşağa nə qədər pul sərf olunduğunu hesablamaq o qədər də çətin deyil.
Maraqlıdır, uşaq süni qidalarının hansı zərərləri var? Körpələr üçün daha çox hansı qidalar məsləhətlidir? Musavat.com məlumat üçün bildirir ki, süni qidalar adətən inək südündən hazırlanır. Ana südü etalon götürülərək təbii inək südü fermentləşdirilir və tərkibindəki komponentlər balanslaşdırılır. Südün tərkibindəki qida komponentləri balanslaşdırıldığı üçün körpələr həmin qidanı rahatlıqla həzm edə bilir. Mövcud qanunvericiliyə görə, körpə qidaları 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır. Bəzən isə buna əməl etmədikdə körpələrdə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
Bəzi iddialara görə isə, süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. Hansı ki, həmin heyvanlar bir sutka ərzində 80-100 litrə qədər süd verir. Onlar artıq bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir və bəzi infeksiyalara tutulurlar ki, bu da onlardan hazırlanmış qidalara da təsir edir.
Həkim Vaqif Qarayev süni qidaların körpələrə təsiri haqda bunları bildirdi: “Körpə üçün bir qida var – ana südü! Vəssalam. Ana südünün tərkibindəki inqrediyentlər uşağın bütün mənalarda sağlam böyüməsini, xəstəliklərə qarşı müqavimətini təmin edir. Uşağın mədə-bağırsağını, tənəffüs sistemini körpə yaşlarda ən çox rast gəlinən xəstəliklərdən qoruyur. Psixi və əqli inkişafında kənara çıxmalar demək olar ki, olmur. Həm də uşaqla ana arasında psixo-emosional bağlılıq yaradır. Ona görə analar çalışmalıdırlar ki, körpəsini təbii qida ilə qidalandırsınlar. Doğuşdan sonrakı ilk saatlarda uşağın döşə qoyulması çox mühümdür. Həm ana orqanizmi üçün, həm südün gəlməsi üçün, həm də ilkin südün (molozivo deyilir) uşağın mədə-bağırsağına müsbət təsirini nəzərə alsaq, erkən döşə qoyma çox faydalıdır. İlk günlər anada süd az ola bilər. Amma bu, “südüm yoxdur” anlamına gəlməməlidir. Çox təəssüf ki, bu məsələdə bəzən tibb işçiləri də süd verməmək üçün anaya “yardımçı” olurlar. Bu, qətiyyən yolverilməzdir. Bəzən anaların özləri süd verməkdən imtina edirlər. Bu da yolverilməzdir və ümumiyyətlə, anlaşılan deyil. O ki qaldı süni qarışıqlara, əgər bu və ya digər səbəbdən (bura tibbi səbəblər də aiddir) ana südü ilə qidalandırmaq mümkün deyilsə, onda uşaq süni qidalarla qidalandırıla bilər. Bu qərarı ancaq həkim verməlidir. Süni qidalarla qidalanan uşaqlarda yuxarıda qeyd etdiyim problemlərə daha çox rast gəlinir. Ona görə tibb işçiləri də, analar da maksimum çalışmalıdırlar ki, uşaq ana südü ilə qidalansın”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə birmənalı şəkildə bütün süni qidaları antireklam etdiyini bildirdi: “Çünki ölkədə ana südü ilə qidalanma faizi Mərkəzi Avropa ölkələrindən xeyli geridə qalır. Təxminən 44 faiz həcmindədir. Azad İstehlakçılar Birliyi artıq 10 ildir ki, ana südü ilə bağlı beynəlxalq qurumun üzvüdür. Çoxsaylı konfranslarda iştirak etmişəm, Azərbaycanı tənqid hədəfində görmüşəm. Qeyd edim ki, Azərbaycan xalqı milli-mentalitetindən ayrılıb bəzi yaramaz ölkələrin dəyərləri ilə qidalanır. Və burda da pediatrların uşaq süni qidalarının distributorların təsiri altında olması xüsusi rol oynayır. Erkən yaşda körpələrin qidalanması ilə bağlı ayrıca qanun qəbul edilib. Eləcə də ÜST-nin ana südü ilə əmizdirməyə dair ayrıca kodeksi var. Onun tələblərinə və yerli qanunlara görə, pediatrların uşaq süni qidaların distributorları tərəfindən sponsorlaşdırılması, əlaqələr yaratması qadağan olunur. Lakin bizə gələn telefon zənglərindən belə görünür ki, doğum evlərində yeni doğulan körpələrə süni uşaq qidaları verilir. Doğum evindən çıxanda da körpələrə süni qida tətbiq edilir. Bu, anormal haldır. Süni qidaya ölkənin istənilən yerində rast gəlmək olur. Əslində isə bu cür qidalar əlçatmaz yerlərdə satılmalıdır. Sadəcə, analara təzyiq olunanda və yaxud gözləri ilə həmin qidaları görəndə və yaxud körpələri ağlayanda elə düşünürlər ki, uşaqlara süni qida lazımdır.
Ekspertlər də qeyd edir ki, körpələrə süni qida verərkən süzgəcli əmziklərdən istifadə etmək olmaz. Çünki körpə sonra ana südündən imtina edir. Beləliklə, bir çox məsələlər var ki, ölkəmizdə onlara əməl olunmur. Əslində süni qidalar 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır. Hazırda isə isti dükanlarda süni qidaların satıldığının şahidi oluruq. Bütün bunların hamısı arzuolunmaz haldır”.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600