Çərşənbə , Oktyabr 16 2019
Home / Xəbərlər / Antibiotiklər: yanlış fikirlər və reallıq

Antibiotiklər: yanlış fikirlər və reallıq

Bakteriyaların fəaliyyətinə mane olan maddə “antibiotic” adlanır.

Antibiotiklər iki cür təsir göstərə bilər: onlar ya bakteriyaların artmasını dayandırır (bakteriostatik antibiotiklər), ya da bakteriyaları birbaşa öldürür (bakterisid antibiotiklər).

Antibiotiklər bakteriyalar tərəfindən törədilən bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərin arasında həyat üçün təhlükəli infeksiyalar (məsələn, meningit) və hətta adi problem sayılan sızanaq da var.

Antibiotiklər viruslar tərəfindən törədilən qrip və ya soyuqdəymə kimi xəstəliklər zamanı istifadə olunmur, çünki antibiotiklər viruslara təsir göstərmir.

Bakteriya hansısa antibiotikin təsirindən qorunma qabiliyyətini inkişaf etdirirsə, deməli, o, antibiotiklərə davamlılıq əldə edib. Yəni həmin antibiotik artıq bu bakteriyaya təsir göstərmir. İllər ərzində bir çox xəstəliklər törədən bakteriyanın müxtəlif antibiotiklərə davamlı olması antibiotiklərin həddindən çox və ya qeyri-düzgün istifadəsinin nəticəsidir.

Antibiotiklərə davamlılığın yaranması çox narahatedici haldır, çünki mövcud olan bir çox antibiotiklər artıq bakteriyalara təsir göstərmir. Beləliklə də bakterioloji xəstəliklərin müalicəsi çətinləşir.

İnsanlar arasında antibiotiklərlə bağlı bir çox yanlış fikirlər yayılmaqdadır.

Yanlış fikir 1: Özümü yaxşı hiss edən kimi antibiotiklərin qəbulunu dayandıra bilərəm.

Reallıq: Özünüzü yaxşı hiss etdiyinizə baxmayaraq, həkim tərəfindən təyin olunmuş antibiotiklərin qəbulunu davam etdirməlisiniz. Çünki müalicə kursunu tam bitirmədiyiniz halda, orqanizminizdə olan təhlükəli bakteriyaların bəziləri sağ qala bilər və bu, tərkar xəstələnməyinizə səbəb olar. Sağ qalmış bakteriyalarda antibiotiklərə davamlılıq yaranar, bu isə həm sizin, həm də yoluxdurduğunuz insanların xəstəliyinin müalicəsini çətinləşdirər.

Yanlış fikir: Həbləri günün istənilən vaxtında qəbul edə bilərəm, əsas odur ki, təyin olunmuş saya riayət edim.

Reallıq: Antibiotiklər vaxtında qəbul olunmadığı halda, onların təsiri azalır. Bu dərman maddələri orqanizminizdə məhdud bir vaxt ərzində qalır, buna görə də hər növbəti dozanı həkimin təyinatına əsasən qəbul etməlisiniz. Antibiotikləri müntəzəm qəbul etmirsinizsə, bakteriyalara adaptasiya və çoxalma üçün şərait yaradırsınız, bu da davamlılıq probleminin yaranmasına gətirib çıxara bilər.

Yanlış fikir: Mən artıq qalan həbləri növbəti müalicə üçün saxlaya bilərəm.

Reallıq: Müalicədən artıq qalan antibiotikləri özbaşına qəbul etmək düzgün deyil. Spesifik antibiotiklər spesifik bakteriyaya qarşı effektli olduğundan, konkret xəstəlik üçün konkret dərmanı yalnız həkim sizə təyin edə bilər.

Yanlış fikir: Antibiotiklər qrip və soyuqdəyməyə qarşı təsir göstərir.

Reallıq: Qrip və soyuqdəymə (boğaz ağrısı, əzələ ağrıları, titrəmə, zökəm, quru öskürək) adətən virus tərəfindən törədilir. Antibiotiklər  virus infeksiyalarına təsir etmir. Onlar yalnız bakteriyalar tərəfindən yaranan infeksiya zamanı effektlidir.

Antibiotiklərdən düzgün istifadə edin!

Antibiotiklər həkim tərəfindən təyin olunmalıdır!

Saglamliq.isim.az

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600