названия 6

Vərəm və ondan qorunma yolları

названия 6

Vərəm – vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir.

Vərəm insanın müxtəlif orqan və toxumalarını – gözləri, sümükləri, oynaqları, dərini, sidik-cinsiyyət sistemini, limfa düyünlərini, bağırsaqları və s. zədələyə bilər.

Ağciyər vərəminə isə daha çox rast gəlinir.

Vərəmə yoluxma üç halda baş verə bilər:

• öskürdükdə, asqırdıqda və söhbət etdikdə, vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda

• havada mikobakteriyaların yüksək konsentrasiyası olduqda

• immunitet zəiflədikdə

Yüksək təhlükəyə məruz qalan insanlar (risk qrupları):

• ağciyər vərəminin yoluxdurucu forması olan xəstə ilə daim ünsiyyətdə olanlar

• qeyri-normal qidalanma, pis həyat şəraiti və xronik xəstəliklər nəticəsində immuniteti zəifləmiş insanlar

• insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasına yoluxanlar

• tütünçəkənlər, spirtli içkilərə aludə olanlar, narkotik istifadəçiləri, vərəm əleyhinə peyvənd olunmayanlar

Vərəm özünü necə büruzə verir?

  • 3 həftədən artıq davam edən bəlğəmli öskürək
  • bədən temperaturunun 1 həftə ərzində səbəbsiz yüksək olması, titrəmə
  • döş qəfəsində ağrılar
  • qanhayxırma (öskürəklə ayrılan bəlğəmdə qan qarışığı)
  • çəkinin kəskin azalması
  • iştahanın azalması
  • zəiflik, tez yorulma
  • fiziki gərginlik zamanı təngnəfəslik
  • çox tərləmə (xüsusən gecələr)

Özünüzdə və ya yaxınlarınızda oxşar simptomlar müşahidə olunduqda, mütləq sahə həkiminizə müraciət edin! Lazım gələrsə, o, sizi həkim-ftiziatrın konsultasiyasına göndərə bilər.

Vərəmdən necə qorunmaq olar?

Hava-damcı yolu ilə ötürülən infeksiyaya yoluxmaqdan qorunmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır:

  • başqasının üstünüzə öskürməsinə yol verməyin
  • öskürən şəxslə uzun müddət bir yerdə qalmayın
  • öskürən insan olan yerin havasını imkan daxilində tez-tez dəyişin

Yadda saxlayın! Vərəm mikobakteriyaları günəş şüalarının, yüksək temperaturun və xlor tərkibli maddələrin təsirindən tez məhv olur. Buna görə də otaqların havasını mümkün qədər tez-tez dəyişmək və orada gündə 2-3 dəfə nəm təmizləmə işləri aparmaq, ədyalları, yun və pambıq əşyaları günə vermək vacibdir.

Evdə vərəmli xəstə varsa, onun paltarlarını tez-tez günəş şüaları altına sərmək, ütüləmək və evdən kənar yerdə təmizləmək lazımdır.

Vərəmli xəstənin yaxınları və qohumları öz sağlamlıqlarını unutmamalıdırlar. Onlar ildə heç olmasa bir dəfə həkim-ftiziatra baş çəkməli, xəstəliyin simptomları yarandıqda isə həkimə təcili müraciət etməlidirlər.

Bunları bilmək vacibdir:

• Vərəm xəstədən sağlam insana hava-damcı yolu ilə ötürülür.

• Vərəmi büruzə verən simptomlardan hətta biri olarsa, dərhal həkimə müraciət etmək vacibdir.

• Vərəmdən özünümüalicə yolverilməzdir.

• Vərəmdən sağalmaq mümkündür. Yalnız tibb işçisinin nəzarəti altında, vərəm əleyhinə preparatlarla müalicə aparmaqla buna nail olmaq olar.

Vərəm – hökm deyil, diaqnozdur!

“Vərəm” diaqnozundan qorxmaq və utanmaq lazım deyil.

Vaxtında tibbi yardıma müraciət və həkimin bütün göstərişlərinə əməl etsəniz, bu xəstəliyə qalib gələ bilərsiniz!

 

 

saglamliq.isim.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir