QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Ulu “Şərq qapısı”nın salnaməsini yazan 100 yaşlı qəzet – QIA.AZ


“Çalışaq ki, fidan “Şərq qapımız” qollu-budaqlı, köklü-köməçli çinara dönsün. Bu çinarın təzə-tər yarpaqları güneyli-qüzeyli Azərbaycanımıza həzin-həzin, kövrək-kövrək nəğmələr oxusun. Azadlıq və birlik nəğmələri”…

«Şərq qapısı» qəzeti,

26 yanvar, 1990-cı il

Gələcəyin düzgün formalaşdırılması üçün bu günə tərəfsiz, qərəzsiz yanaşmaq və keçmişi daha dəqiq, daha düzgün anlamaq vacibdir. Mətbuatın məhz bu vəzifənin icrasında əvəzsiz rolu vardır. Həqiqət axtarışı zamanı mətbuat insanlara yol göstərən əsas vasitələrdən biridir. Düşüncələrin, inancların, milli mənsubluğun yaşadılmasında, qorunub saxlanılmasında mətbuat daim cəmiyyətə kömək etmişdir.

Mətbuat hər bir cəmiyyət, eləcə də Azərbaycan cəmiyyəti üçün inkişafın əsaslarından biri olmuşdur. “Əkinçi” qəzeti Azərbaycan xalqını maarifləndirməyə başlamış, digər mətbuat orqanları vasitəsilə baş verənlərə tənqidi yanaşmağı, milli mənsubiyyəti qorumağı, azadlıq düşüncələrinin oyanışını təmin etmişdir. Müxtəlif dövrlərdə senzuralarla tez-tez qarşılaşmasına baxmayaraq mətbuat orqanları xalqa həqiqəti çatdırmışdır. Həmin mətbuat orqanlarının varisləri hələ də fəaliyyətini davam etdirir. Bunlardan biri də Naxçıvanda fəaliyyət göstərən və mətbuat tariximizdə əsaslı rol oynayan “Şərq qapısı” qəzetidir.

Möhtəşəm tarixə səyahət…

Tariximiz daim xatırlanır. Bu tarixdə “Şərq qapısı” qəzetinin də adı var. Qəzet uzun bir yol keçmişdir. Naxçıvanda ilk Azərbaycan Sovet mətbuatının təməlini qoyan qəzet 1921-ci il 9 noyabr tarixində “Cavanlar həyatı” adı ilə öz oxucularının görüşünə gəlmişdi. Qəzetin nəşrində əsas məqsəd o dövr ictimai həyatın bütün sahələrindəki yenilikləri xalqa çatdırmaq olmuşdur. Fəaliyyət ömrü uzun sürməyən “Cavanlar həyatı” qəzeti 1921-ci ilin dekabr ayından daha geniş həcmdə “Füqəra səsi” adlı qəzet ilə əvəz olunmuşdur. Tarixi mənbələrə görə, bir müddət öz fəaliyyətini davam etdirən qəzet həftədə bir dəfə çap olunmaqla yanaşı, həm də günü-gündən öz nüfuzunu artırmış, ölkədə baş verən siyasi və iqtisadi məsələləri cəmiyyətə dolğun şəkildə ötürmüşdür. Hər keçən gün Naxçıvanda mətbuatın qayğısına və inkişafına diqqət yetirilmişdir. Elə bunun nəticəsidir ki, 1922-ci ilin əvvəllərində Azərbaycanda lazımi qədər mətbəə avadanlıqları alındıqdan sonra “Füqəra səsi” öz mövqeyini bu gün 100 illik yubileyini qeyd etdiyimiz “Şərq qapısı”na vermişdir. Dövr etibarilə keşməkeşli yollar keçməsinə baxmayaraq qəzet hər zaman öz aparıcı mövqeyini qorumuş, zaman keçdikcə müasirləşərək dövrün tələblərinə uyğunlaşmışdır. İlk dövrlərdə işçi azlığının olması, lazımi mətbəə avandanlıqlarının əskik olması qəzeti heç bir zaman cəmiyyəti maarifləndirmək məsuliyyətindən geri salmamışdır. Bu cür əzmlə çalışmağın nəticəsidir ki, qəzetin 1925-ci ilin mart ayının 31-də 100-cü nömrəsi işıq üzü görür. “Möhhumat və cəhalətə qarşı vurulan 100 ədəd maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetesidir” deyən türk maarifçiləri qəzetin cəmiyyət üçün vacibliyini vurğulamışdılar. Qeyd edilməlidir ki, qəzet sadəcə məqalələr toplusundan ibarət deyil, həm maraqlı fotolardan, həm də şəkilaltı yazılar ilə birlikdə daha çox cəlbedici və oxunaqlı idi. Hər keçən gün nəinki Azərbaycan, bütün dünyanın diqqətini öz üzərinə çəkən qəzet 1931-ci ildə 10 illik yubileyini qeyd edir və 1933-cü il 30 dekabrında isə 1000-ci nömrəsini çapdan çıxarır. Nömrələr bir- birini əvəz etdikcə yazıların da mənası dolğunlaşır, qəzetin xətti müəyyənləşir, müəlliflərin sayı artırdı.

Yüz il əvvəl olduğu kimi, “Şərq qapısı” qəzeti bu gün də istər sosial-siyasi, istərsə də iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf edən, çiçəklənən, “Şərq qapısı” adlandırılan qədim diyardan – Naxçıvandan yazır. Səhifələrində dövlətimizin bugünkü inkişafından, xalqımızın tərəqqisindən və gələcəyimizdən bəhs edən yazılar dərc olunur. 100 illik tarixi yol keçən Naxçıvan mətbuatı ədəbi mühitdə silinməz izlər buraxmış, həmişə düzgün və qərəzsiz obyektiv fikirə söykənmiş, insanları daima inkişafla yaşamağa, qurub-yaratmağa sövq etmişdir.

“Şərq qapısı” müstəqil nəşr olduğundan günümüzədək adı kimi tutduğu yol və ideya istiqaməti də genişləndi. “Birlik və demokratiya uğrunda” şüarını əsas götürən “Şərq qapısı” qəzeti muxtar respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatı, o cümlədən, onun tərəqqi və yüksəlişi ilə bağlı məqalələri vasitəsilə bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail olmuşdur.

Böyük inkişaf yolu keçən qəzetin tarixində 1970-ci ilin əvvəlləri yeni bir mərhələnin başlanğıcını qoyur. Zamanla öz rəngarəngliyi və böyük formatda nəşri ilə diqqəti cəlb edən qəzet Sovet ideologiyasının əsas təbliğatçısı olmaqla yanaşı, maarifçilik, operativlik və insanları məlumatlandırma kimi nəcib təşəbbüslərə xidmət etmiş, Sovet İttifaqının dağılması ilə öz tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Bütün dövrlər ərzində çətinliklərə baxmayaraq qəzet yaşadı və biz bu gün 100 illik yubileyini qeyd edirik.

Mətbuat yalnız həqiqətləri xalqa çatdırmır, həmçinin xalqın düşüncələrini, sevinclərini, arzularını da özündə əks etdirir. Məhz buna əsaslanan “Şərq qapısı” qəzeti xalqın özünü açıq və aydın ifadə etməsi üçün çalışmış, gələcəyin qurucuları olan gəncləri mətbuata cəlb etməyə daim xidmət etmişdir. Bununla da milli mənsubiyyətin daha dərindən dərkinə nail olunmasına çalışılmış, Azərbaycanı özündə, hər sözündə əks etdirmişdir. Ən çətin günlərində xalqı düzgün informasiya ilə təmin etmişdir. Bu özünü 44 günlük mübarizədə, “Vətən müharibəsi” zamanı daha aydın göstərdi. Daim rəsmi məlumatlara əsaslanaraq düzgün informasiya vermiş, yalan xəbərlərə istinad etməyərək xalqın rəğbətini bir daha qazanmışdır. İnformasiya mübarizəsində sadiq əsgər kimi vuruşmuş, xalqına və dünyaya Azərbaycanın haqq savaşını çatdırmışdır. Zəfərindən, bu zəfərin qazanılmasındakı keşməkeşli yolundan, bu yolda canından keçən şəhidlərindən, vətən sevgisiylə yaşayan qazilərindən danışaraq gənc nəslə vətən sevgisinin necə ali bir hiss olduğunu aşılamağa çalışmışdır.

Xalqın səsi olan “Şərq qapısı” qəzeti dövlətin də daim diqqət mərkəzində olmuş və təqdirini qazanmışdır. Belə ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində “Şərq qapısı” qəzetinin fəaliyyəti üçün hər cür şərait yaradılmış və təqdir edilmişdir. Bununla bərabər XX əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqəti və təşəbbüsü nəticəsində qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetin 50 illik yubileyi qeyd olunmuşdur. Hətta qəzetin 50 illik yubileyi münasibətilə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Ümummilli lider müsahibəsində qəzet haqqındakı fikirlərini belə ifadə edir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb.”

“Şərq qapısı” qəzeti milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qayğısından kənarda qalmamışdır. “Şərq qapısı” qəzetinin yubileylərinin dövlət səviyyəsində layiqincə qeyd olunması məhz bunun ən bariz nümunəsidir.

Ali Məclisin Sədri söz, fikir və mətbuat azadlığına xüsusi diqqət yetirmiş və Naxçıvanda mətbuatın inkişafı üçün daima çalışmışdır. Bu qayğı və diqqət mətbuat orqanlarının inkişafına güclü təkan vermişdir. Bunlardan biri olan “Şərq qapısı” qəzetinə diqqət xüsusi yer tutur. Bunu “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə keçirdiyi görüş zamanı çıxışında aydın görmək olar: “Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında “Şərq qapısı” qəzetinin üzərinə mühüm vəzifələr düşür. “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.

Ali Məclis Sədri Vasif Talıbov 1 iyun 2021-ci ildə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzaladığı Sərəncam qəzetin təqdirinin ən bariz digər bir nümunəsidir. Bu kimi qayğı və diqqət gələcəkdə də qəzetin öz fəaliyyətini milli dövlətçilik prinsipləri əsasında, vətənə sədaqət ruhunda ləyaqətlə davam və inkişaf etdirəcəkdir.

Ulu öndər Heydər Əliyevin bir fikri ilə sözlərimi yekunlaşdırıram: “Biz irəliyə gedirik, demokratiya, plüralizm, mətbuat azadlığı yolu ilə gedirik və bu yolla da gedəcəyik”.

Nəzmiyyə MƏMMƏDOVA

“Naxçıvan xəbərləri” saytının müxbiri

“Şərq qapısı”qəzetinin 100 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.



https://qia.az/ulu-s%C9%99rq-qapisinin-salnam%C9%99sini-yazan-100-yasli-q%C9%99zet/