Xəstəliklər

Sifilis

Sifilis – xroniki sistem yoluxucu zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales).

Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və nəhayət, son vaxtlar aşkar edilmiş QİÇS (qazanılmış immun çatışmazlıq sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollarından yoluxub pozulma əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoqolun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 %- dən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur. Qeyd etmək lazımdır ki, son onilliklərdə bizim ölkədə yumşaq şankr, dördüncü və beşinci zöhrəvi xəstəliklərə təsadüf olunmur.

Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun trepone-madır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir. Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması “məişət sifilisi” adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır.

Related Articles

Back to top button