BloqSlider

Qrip haqda bilmədiklərimiz

Qrip, ya da tibbi adıyla influenza hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500.000 insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi infeksion xəstəlikdir.

Qrip epidemiyası və pandemiyası nə deməkdir?

Xəstəliyə səbəb olan influenza virusunun (H3N2) quruluşu, asanlıqla dəyişə bilir. Bu da virusun immun sistemimizdən qaçmağına səbəb olur. Kiçik struktur dəyişiklikləri, bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildə bir ortaya çıxan böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, bütün dünyanı əhatə edən böyük epidemiyaya yol açır. Tarixdə ən böyük qrip epidemiyalarından biri Birinci Dünya müharibəsi zamanında qeydə alınıb. Bu, müharibədə həlak olanlardan daha çox insanın ölümünə səbəb olmuş 1918-ci il İspaniya qripidir. 2009-cu ildə Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H1N1pndm (Donuz qripi) virusu səbəb olub.

Qrip necə yoluxur?

Qrip (influenza) virusu hava-damcı yoluyla yoluxur. Öskürüb, asqıran xəstə içində çox sayda virus olan damcını ətrafa yayır. Bu damcılar ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəbdən qripli xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını dəsmalla, dəsmal yoxdursa, qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Qripin yayılmaması üçün virusun ən çox yayıldığı dövr – xəstəliyin ilk günlərində, məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Evdəkiləri qorumaq üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlarda hava tez-tez dəyişilməlidir.

Qrip olduğunu necə bilmək olar?

Qrip ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə müşayiət olunur. Temperatur, oynaq və əzələ ağrılarının olmaması zökəm kimi daha yüngül seyr edən digər tənəffüs yolu xəstəliklərini düşündürür. Şiddətli öskürək iki həftə və daha uzun müddət davam edə bilər. Temperaturun uzun müddət davam etməsi, tünd rəngli bəlğəm, sinə ağrısı və nəfəs almanın çətinləşməsi qripin fəsadlaşması nəticəsində ağciyərlərə bakteriyaların yoluxduğuna şübhə yaradır. Bu vəziyyətdə mütləq həkimə müraciət edilməlidir. Əsasən risk qrupunda olan, immun sistemi zəif insanlarda daha təhlükəli hal seyr edilir. Bundan başqa,  burun sinuslarına və orta qulağa bakteriyaların yoluxması sinusit və otit kimi ağır vəziyyətlərə yol açır ki, bu da xəstəliyin arzu edilməyən ağırlaşmalarındandır. Önə əyilməklə artan baş ağrısı, qulaq ağrısı xəbərdaredici əlamətlərdən sayılır.

Qripdə risk nədir? Kimlər risk altındadır?

Hər yaşda olan insan qripə yoluxa bilir. Ancaq, xüsusilə hamilələr, yaşı 50-dən çox, 5-dən az olanlar, ağciyər, ürək xəstəliyi, böyrək, qaraciyər çatışmazlığı, xərçəng, diabet kimi xəstəliklərdən əziyyət çəkənlər və ya orqan transplantasiyası olunan, artıq çəkili insanlar kimi immun sistemi zəif olanlar qripin təsirinə daha çox məruz qalırlar. Bu qrup xəstələrdə qrip daha ağır keçirir, xəstəxanada müalicəyə və ölümə səbəb olur.

Qripin müalicəsi varmı?

Qripin müalicəsi istirahət və simptomatik müalicədir. Temperatur salan dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı insanlar və risk qrupunda olmayıb, xəstəliyi ağır keçirənlərin qrip virusuna təsir edən dərmanlardan (oseltamivir, zanamivir və s.) istifadəsi lazımdır. Bu cür vəziyyətlərdə yataq istirahəti və simptomatik müalicə ilə kifayətlənməyib, mütləq həkimə müraciət edilməlidir.

Qripdən necə qorunmaq olar?

Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslərə, qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölüm səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Qrip peyvəndi nə vaxt vurulmalıdır?

Qripə hər il oktyabr ayından başlayaraq (dekabr ayından sonra daha çox), aprel-may aylarına qədər çox rast gəlinir. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər.

Niyə hər il qripə qarşı peyvənd vurulmalıdır?

Qrip xəstəliyinin keçirilməsi və ya peyvəndin vurulmasından sonra yaranan immunitet, virusun strukturunda yaranan dəyişikliklərə bağlı olaraq ömürlük deyil. Peyvənd olunan və ya xəstəliyi keçirən insanlar sonrakı qrip mövsümündə xəstəliyə təkrar yoluxa bilirlər. Bundan başqa, virusun strukturu dəyişildiyi üçün, bu dəyişiklikəri də nəzərə alaraq peyvəndin qoruyuculuğunu sabit saxlamaq üçün peyvəndin tərkibi hər il yenilənir. Bu səbəblə hər mövsüm təkrarlayan qripdən qorunmaq üçün hər il peyvənd vurulmalıdır.

Qrip peyvəndi kimlərə vurulmalıdır?

Qrip (influenza) peyvəndinin 6 aydan böyük hər kəsə vurulması tövsiyə olunur. Ancaq daha çox risk qruplarındakı insanlara və onlarla yaxın təmas edənlərə, həmçinin tibb işçilərinə vurulmalıdır.  Bunlar:

1. Ağırlaşma riski yüksək olanlar

– Hamilələr

– 6-59 ay arası uşaqlar, 50 yaşdan böyük insanlar

– Xroniki xəstəliyi olanlar: (Astma, xroniki ağciyər xəstəliyi, diabet, metabolik xəstəliklər, ürək çatışmazlığı, xroniki qaraciyər, xroniki böyrək xəstəliyi, nevroloji xəstəliklər)

– İmmun sistemi zəif olan xəstələr

– 6 ay-18 yaş arasında olub uzun zaman aspirin istifadə edənlər

– Ağır bədən çəkili insanlar (Bədən kütlə indeksi ≥40 olanlar)

2. Ağırlaşma riski yüksək olanlarla eyni evdə yaşayanlar

– Tibb işçiləri

– 5 yaşın altında və 50 yaşın üstündə olan insanlarla təmasda olanlar

Qrip peyvəndinin əlavə təsirləri nələrdir və nə zaman vurulmamalıdır?

Yumurtaya qarşı allergiyası olanlara və ya peyvəndə  qarşı daha əvvəl ciddi allergiya keçirən xəstələrə qrip peyvəndi vurulmamalıdır. Qrip peyvəndinin ciddi əlavə təsirinin olma ehtimalı digər peyvəndlərdə olduğu kimidir. Peyvəndin böyüklərdə ən çox görülən əlavə təsiri, inyeksiya yerində ağrı və həssaslıqdır. Bu şikayətlər 10-64% görülsə də, bir-iki gün içində keçib gedir. Peyvəndə bağlı temperatur, baş ağrısı, əzələ ağrısı, halsızlıq kimi sistemik əlamətlərin görülməsi, digər peyvənd və ya dərman tərkibli olmayan (plasebo) inyeksiyalardan çox deyil. İİV3 (tərkibində 3 ayrı influenza virus tipi mövcud olan 3 valan peyvənd) və ya İİV4 (tərkibində 4 ayrı influenza virus tipi mövcud olan 4 valan peyvənd) kimi istifadə olunan qrip peyvəndləri inaktiv (cansız) virus peyvəndi olduğundan peyvəndə bağlı qripin olması mümkün deyil. 

Peyvənd iflic yaratmır, sonsuzluğa səbəb olmur, hamilələrə də rahat vurula bilər.

Vasif Əliyev – İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı

Related Articles

Back to top button