QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb – QIA.AZ


Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb.

QİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır”.



https://qia.az/prezident-ilham-%C9%99liyev-az%C9%99rbaycan-t%C9%99l%C9%99b%C9%99l%C9%99rinin-rusiyada-t%C9%99hsil-almalari-ucun-goz%C9%99l-s%C9%99rait-yaradilib/