2981965e62a30e7f

Pielonefrit

Pielonefrit — böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir. Xəstəliyə ən  çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı sağalmamış piolelonefritin davamı müşahidə olunur. 40 yaşa qədər qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və aşağı sidik yollarının anatomik xüsusiyyətilə əlaqədardır, ahıl yaşlarda isə kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzisinin adenoması nəticəsində baş verən sidik stazı ilə izah etmək olar.

Pielonefrit ən çox təsadüf olunan böyrək xəstəliyi olub, eyni zamanda yuxarı tənəffüs orqanları katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yeri tutur.

Gedişinə görə, kəskin və xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə irinli iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, böyrək parenximasının və ləyən-kasacıq sisteminin bakterial iltihabi prosesi olub, böyrək toxumasının sklerozu ilə nəticələnir.

Xronik pielonefrit kəskin pielonefritin xronik hala keçməsi nəticəsində və ya başlanğıcdan xronik proses kimi inkişaf edə bilər.

Pielonefrit birincili, ağırlaşmamış və ya hematogen və ikincili, ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır.