Xəstəliklər

Koksartroz

Koksartroz — bud-çanaq oynağının zədələnməsi. Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki sümüyün bir-biri üzərində ağrısız və minimal sürtünmə ilə sürüşməsini təmin edir. Bu oynaq qığırdağının pozulması və aşınmasına duzlaşma vəya koksartroz deyilir. Əslində el arasında deyilən duzlaşma ilə heç bir əlaqəsi yoxdur. Xəstələrdə ilk şikayətlər səhər yerindən qalxarkən qasıqda və budun ön-iç tərəfinə yayılan ağrı və narahatçılıq hissinin olmasıdır. Ağrı hərəkət edərkən artır, istirahətlə azalır. Bu şikayətlər digər bud-çanaq oynağı xəstəliklərində də rast gəlinir.

Müalicə edilməyən koksartrozlar illər sonra getdikcə ağırlaşır və xəstənin yeriməsini çətinləşdirir. Ağır hallarda oynaq ətrafında yeni sümük çıxıntılar(osteofitlər) yaranır. Bu dövrdə qığırdaq tamamilə aşınmışdır, sümük sümüyə sürtməyə başlamışdır. Bir müddət sonra oynaq hərəkəti tamamilə məhdudlaşa bilər. Bundan sonra əzələlərdə zəiflik və çatışmazlıq yaranır. Bu xəstəlik birincili və ikincili ola bilər. Birincili koksartrozda duzlaşmaya səbəb olan müəyyən xəstəlik yoxdur. Birincili koksartrozun səbəbləri arasında genetik meyillilik, çəkinin artıq olması, ağır fiziki iş(mikrotravmalar) və s. görülür. İkincili koksartrozlar müəyyən xəstəliklər zəminində yaranmış olur.

İkincili koksartrozların səbəbi olaraq bud-çanaq oynağı displaziyaları, bud-çanaq oynağında keçirilmiş sınıqlar, revmatizmal xəstəliklər(RA, YRA, Bexterev xəstəliyi vəs.), bud sümüyü başı avaskulyar nekrozu, oynaq nahiyəsinin keçirilmiş infeksiyaları göstərilə bilər.

Diaqnoz fiziki müayinə və çəkilən rentgenlə qoyulur.

Müalicə Xəstəliyin ağırlıq dərəcəsinə görə həkimi sizə uyğun müalicə məsləhət görəcəkdir. Müalicə konservativ və cərrahi olaraq ikiyə bölünür. Konservativ müalicədən daha çox xəstəliyin erkən dövrlərində olanlar fayda görür. Xəstəlikdə radikal cərrahiyyə total bud-çanaq oynağı endoprotezləşdirməsi əməliyyatıdır.

Related Articles

Back to top button