QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Joze Alesio Da Silva: “Final fitinədək mübarizə aparmalısan” – QIA.AZ


“İkinci matçdan sonra uşaqlarla iclasımız oldu. Oyun intizamı və konsantrasiya ilə bağlı söhbət etdik, tapşırıqlar verdim. Bugünkü oyuna yaxşı başladıq. Ardıcıl 4 qol vurduq. Meydanda əsl mən istəyən oyunu, tapşırıqları icra edən komandanı gördüm”.

QİA.AZ“ın məlumatına görə, bunu “Araz-Naxçıvan” klubunun baş məşqçisi Joze Alesio Da Silva Kosovo “Ligeni”si ilə 6:6 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, matçın sonrakı dəqiqələrində fiziki planda müəyyən axsamalar olub: “Amma hər şeyi buna bağlamaq olmaz. Çünki meydana çıxan futzalçı maksimum 2-3 dəqiqə oyunda qalırdı. Hesab 6:2 olduqdan sonra oyun konsantrasiyasında və intizamında müəyyən problemlər yaşadıq”.

Alesio Rumıniyanın “Yunayted Qalati” klubuna 5:3 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur matçında komandasının çıxışından narazı qaldığını xatırladıb: “Lakin bu gün fərqli oynadıq. Daha dorğusu, 30 dəqiqəni fərqli keçirdik. Mübarizə apardıq, intizama sadiq qaldıq. Amma sona 10 dəqiqə qalmış qopmalar oldu. Sanki uşaqlar oyunun başa çatdığını və qələbə qazandığımızı düşünürdülər. İdman belə şeyləri sevmir. Hakimin final fitinədək mübarizə aparmalısan. Bunu etmədinsə, yekun istədiyin kimi olmayacaq”.



https://qia.az/joze-alesio-da-silva-final-fitin%C9%99d%C9%99k-mubariz%C9%99-aparmalisan/