normal 1438531165 e1585222964396

İnsanlıq tarixinin dəhşətli epidemiyaları

Hacı HacıyevHacı Hacıyev.

İnsanlıq tarixinin dəhşətli epidemiyaları
İnsanlıq tarixinin dəhşətli epidemiyaları

Son bir neçə ay hamını vəlvələyə salmış Covid-19 pandemiyası heç də tarixin ən qorxulu epidemiyası deyil. Ümumiyyətlə epidemiyalar insan sivilizasiyasının formalaşmasında böyük rol oynamışlar. Məsələn qara ölüm kimi tarixə düşən taun epidemiyası Avropa insanının dindən soyumasına və reformasiya hərəkatına ciddi təkan vermişdi. XIX əsrdə Hindistandan Avropaya qədər yayılan vəba epidemiyası isə su və kanalizasiya təsərrüfatının inkişafına səbəb oldu. XX əsrdə meydana çıxmış QİÇS epidemiyası geniş kütlələrdə kontrosepsiya anlayışını formalaşdırdı. Hal-hazırda yaşadığımız Covid-19 pandemiyasının ətraf mühitin çirklənməsinin ciddi şəkildə qarşısının alınmasına təsiri olduğu deyilir. Amma bu hələ çox yaxın təsirlərdir. Bu epidemiyanın hansı strateji nəticələri olacağını, onun insan sivilizasiyasını necə dəyişəcəyini isə zaman göstərəcək. Beləliklə keçək epidemioloji top altılığımıza.

Təbii çiçək – qurban sayı: yalnız XX əsrdə 400 milyon insan

Ölüm faizi yoluxanların 40% qədər olan təbii çiçək xəstəliyi tibbə lap qədim zamanlardan məlumdur. Bu xəstəlik barədə ilkin məlumatlara hələ eramızın IV əsrinə aid ədəbiyyatlarda rast gəlmək mümkündür. O zaman da bu xəstəlikdən əsas ziyan görmüş ölkə Çin idi. Bu xəstəlik baş qaldırdığı ölkələrin əhali sayını ciddi azaldırdı. Hətta xəstəliyi keçirib sağ qalanların da əksəriyyəti ömrünün axırına kimi əlil qalırdılar. Onların əksəriyyəti görmə qabiliyyətini hissəvi ya da tam olaraq itirir, dəriləri isə dərin və eybəcər yara izləri ilə örtülürdü. Taundan fərqli olaraq təbii çiçək infeksiyası daimi idi və zaman-zaman güclənərək aqressiv forma alırdı.

XX əsrdə təbii çiçəyə qarşı qlobal vaksinasiya kampaniyasının nəticəsində dünyada bu xəstəliyin tamamilə kökü kəsildi. Təbii çiçək rəsmi olaraq insan tərəfindən kökü kəsilmiş yeganə xəstəlik sayılır.

Taun (qara ölüm) – qurban sayı: 75-100 milyon

Tarixin ən dəhşətli pandemiyası 1346-1353-cü illər arasında Avropa əhalisinin yarısını qırıb keçmiş taun pandemiyası olub. Xəstəliyi əsasən ticarət gəmilərilə səyahət edən siçovullar yayırdı. Amma o zamanlar tibbi anlayışların azlığı səbəbindən insanlar taunu tanrının bəlası kimi qəbul edirdilər və xəstəliyin yayılmasında digər dinlərdən olan insanları günahlandırırdılar. Nəticədə yəhudi və qaraçılara qarşı kütləvi hücumlar adi hal alırdı. Bundan başqa cüzam xəstələrini də sıxışdırırdılar.

Kotolik kilsəsi taunu tanrının günahlara cəza kimi göndərdiyini bəyan edirdi. Nəticədə Avropada flagellantlar adlanan qatı dindar qruplar yarandı. Onlar şəhər-şəhər gəzərək mərkəzi küçələrlə xaç keçidləri təşkil edir, özlərini zəncirlə döyürdülər. İdeya İsanın çarmıxöncəsi iztirablarını təkrarlamaq və bir növ insanlığın günahlarını öz üzərinə götürməklə tanrının mərhəmətini qazanmaq və xəstəliyin qarşısını almaqdan ibarət idi. Əslində isə flagellantlar özləri də bilmədən bu hərəkətləri ilə əksinə taunun bir şəhərdən digərinə yayılmasında aktiv iştirak edirdilər.

Yeri gəlmişkən şiələrdə zəncirvurma adətlərinin kökündə flagellant praktikaları da durur.

Cəmi 7 il ərizində 100 milyona yaxın insanı öldürmüş taun epidemiyası ikinci dəfə XIX əsrdə baş qaldırsa da, əvvəlki kimi ölümcül epidemiyaya çevrilə bilmir. Bu dəfə insanlar daha hazırlıqlı idilər. Tauna qarşı vaksin artıq hazır idi. Vaxtında aparılmış vaksinasiya, həmçinin effektiv karantin tədbirləri taunun yenidən yayılmasının qarşısını aldı.

Vəba pandemiyası

Vəba – antisanitariya və içməli suyun keyfiyyəti ilə bağlı olan infeksion xəstəlikdir. İnsanlıq tarixi boyunca 7 böyük vəba epidemiyası baş verib, amma onların ən ölümcülü 3 vəba pandemiyasıdır. 1852-1860-cı illər arasında baş vermiş bu epidemiya əsasən Avropa ölkələrini əhatə etmiş və milyonlarla insanın ölümünə səbəb olmuşdu. Vəba vibrionlarının törətdiyi xəstəlik əsasən kəskin və davamlı ishalla müşayiət olunur və orqanizmin qısa müddətdə maye itkisindən məhvinə gətirib çıxarır. Üçüncü vəba pandemiyası Azərbaycanın da daxil olduğu Rusiya imperiyasında bir milyon insanın ölümünə səbəb olmuşdu.

Yeri gəlmişkən günümüzdə Yəməndə yüzlərlə uşaq davam edən vəba epidemiyasından ölməkdədir.

İspan qripi – qurban sayı 75 milyon

XX əsrin ən dəhşətli pandemiyası birinci dünya müharibəsinin sonlarında başlamış və dünya əhalisinin 5%-ni öldürmüş H1N1 virus pandemiyasıdır. Tarixə ispan qripi kimi düşən xəstəlik əhatə dairəsi və letallığına görə bəşəriyyət tarixinin ən ölümcül fəlakətlərindən sayılır. Pandemiya Barselonadan Keyptauna, Alyaskadan Sakit okean adalarına qədər demək olar bütün yer kürəsini auşuna almışdı. Hətta zamnın İspan kralı VIII Alfonso da yoluxmuşdu.

Xəstəlik böyük ehtimal ABŞ-da başlamışdı və əsgərlər vasitəsi ilə Avropaya gəlmişdi. Amma birinci dünya müharibəsi ərəfəsində iştirakçı ölkələrin çoxunda hərbi senzura hökm sürdüyündən xəstəlik barədə məlumatlara ciddi məhdudiyyətlər qoyulmuşdu. İspaniya isə müharibədə iştirak etməyən bitərəf dövlət kimi belə məhdudiyyətlərdən azad idi. Ona görə də İspan mətbuatı bu pandemiyanı hamıdan çox işıqlandırırdı. Xəstəliyə İspan qripi adının qoyulması bununla bağlıdır.

Xəstəlik bəzi ölkələrdə bütöv kənd və qəsəbələrin əhalisinin kökünü kəsmişdi. Ölü sayı o qədər çox idi ki, hər kəsə ayrı qəbir qazıb çatdırmaq olmurdu. Cəsədlər ümumi qardaş qəbirlərində basdırılırdılar. Xəstəliyi qanalma və evkalipt yağı inhalyasiyaları ilə müalicə etməyə çalışsalar da bunun o qədər də effekti olmamışdı. Bütün dünyada 500 milyona yaxın insanı yoluxdurmuş pandemiya il yarımdan sonra özü-özünə söndü.

İİV/QİÇS – qurban sayı 35 milyon

Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) barədə ilk kliniki hesabat 1981-ci ildə verilib. O zaman söhbət ABŞ-da qeydə alınmış 5 xəstəlik halından gedirdi. 1982-ci ilin sonuna qədər artıq bu ölkədə 771 nəfərdə QİÇS qeydə alınmışdı. onlardan 618-i elə həmin il bu xəstəlikdən ölmüşdü.

Günümüzdə 40 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir.

Əvvəllər belə düşünülürdü ki, QİÇS-ə homoseksual kişilər tutulur. Sonralar məlum oldu ki, xəstəliyin əhatə dairəsi daha genişdir və o yalnız cinci yolla deyil, həm də qan vasitəsi ilə və plasentar yolla da yoluxur.

Hesab olunur ki, xəstəlik ilk olaraq Afrikada, meymunlarda yaranıb. Günümüzdə də QİÇS-in ən çox yayıldığı region Saxaradan cənubda yerləşən ərazilərdir. CAR və Botsvanada 2017-ci ildə ölənlərin 25%-i məhz insan immun çatışmazlığı virusundan ölüb.

Bu gün QİÇS əvvəlki kimi öldürücü deyil. İllər ərizində inkişaf etdirilmiş müalicə metodları xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azaldıb. Britaniya və ABŞ-da hətta QİÇS-dən tamamilə sağalma halları da qeydə alınmışdır.

Malyariya – qurban sayı: hər il bir milyon

Tropik ölkələrdə mövsümi olaraq hər il baş qaldıran malyariya hər il 300-500 milyon insanın yoluxması və 1 milyon insanın ölümünə səbəb olur. Xəstəliyi Anofeles ağcaqanadlarının dişiləri yayır. Malyariya üşütmə, oynaq ağrıları, ürəkbulanma, hemolitik anemiya, qıcolma və sətəlcəm əlamətləri ilə başlayır. Daha sonra qaraciyər və dalağın şişməsi ilə müşayiət olunur. Xəstəlik xüsusən də uşaqlar və hamilə qadınlar üçün böyük təhlükə təşkil edir.