Ermənistanın törətdiyi təxribatla bağlı cinayət işi başlanılıb - Baş Prokurorluq - QIA.AZ

Ermənistanın törətdiyi təxribatla bağlı cinayət işi başlanılıb – Baş Prokurorluq – QIA.AZ


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusunun şəhid olması və 10 nəfərin yaralanması ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “QİA.AZ“a verilən məlumata görə, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.

Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübütların toplanılması həyata keçirilir.



https://qia.az/erm%C9%99nistanin-tor%C9%99tdiyi-t%C9%99xribatla-bagli-cinay%C9%99t-isi-baslanilib-bas-prokurorluq/