Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər

resource 20151029021950

Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri – bekon, vetçina, kolbasa və sosiskaları ürək-damar və onkoloji xəstəliklər yarada biləcək potensial təhlükəli ərzaqların siyahısına daxil edib.

Təşkilatın məlumatına görə, ətdən hazırlanmış bu məmulatların insan orqanizminə vurduğu zərər alkoqol, siqaret və asbestlə müqayisə oluna bilər. “Risk qrupunda” ikinci yeri qırmızı ətdən – mal, qoyun və donuz ətindən hazırlanan yeməklər tutur. Quş və balıq əti bura aid deyil.
Diyetoloq Linda Conston Dünya Səhiyyə Təşkilatı əməkdaşlarının 34 mindən çox xəstəlik tarixçəsini tədqiq edərək hazırladıqları məruzədə dünyanın aparıcı alimləri tərəfindən toplanan sübutların təqdim olunduğunu deyir: “Onlar əldə olan bütün informasiyanı dəqiqliklə araşdırıblar və qeyd etmək lazımdır ki, yekun nəticə çox qorxunc görünür. Belə çıxır ki, qırmızı ətdən hazırlanan qida məhsulları insanda müxtəlif növ xərçəng xəstəliklərinin inkişafı ilə bilavasitə bağlıdır”.
Məruzədə qeyd olunur ki, gündə qəbul edilən 50 qram qırmızı və ya emal edilmiş ət bağırsaq xərçənginin inkişafı riskini 18 faizədək artırır.