QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Deputat sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir – QIA.AZ


Milli Məclisin deputatı Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir.

Deputat 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı təkliflər irəli sürərək bildirib ki, büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır:

“Hesab edirəm ki, 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1-ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır”, – deyə deputat bildirib.

K.Nurullayeva qeyd edib ki, əhalinin sosial müdafiəsi gücləndirilməli, gəlirlərin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır:

“Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır”, – deyə deputat bildirib.

K.Nurullayeva həmçinin təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edir ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır.



https://qia.az/deputat-sosial-guz%C9%99stl%C9%99rin-%C9%99hat%C9%99-dair%C9%99sinin-genisl%C9%99ndirilm%C9%99sini-t%C9%99klif-edir/