Bakida daha iki məktəbdə sagirdlər dərsə getməyəcək

Bakıda daha iki məktəbdə şagirdlər dərsə getməyəcək

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə,  274 nömrəli tam orta məktəbdə çalışan 4 nəfər müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdiriləcək.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.