Azərbaycandakı mutasiyaların öldürücülüyü ilə bağlı AÇIQLAMA

Azərbaycandakı mutasiyaların öldürücülüyü ilə bağlı AÇIQLAMA

“Mutasiyalarla bağlı 2019-cu ilin yayından danışılmağa başlanılmışdı”.

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov “REAL İntervyu”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, bildirilmişdi ki, koronavirus mutasiyaya meyilli viruslardır:
“Amma biz qabaqcadan proqnozlaşdıra bilmirdik ki, bu mutasiya özünü necə göstərəcək. Necə bir mutant virusla qarşılaşacağımızı bilmirdik. Artıq onunla qarşılaşmışıq.

Müzakirələr ortaya çıxdı ki, mutant viruslar öz xüsusiyyətlərini necə dəyişib. Bir ara müzakirələr oldu ki, mutasiyaya uğramış viruslarda ağırlaşmalar, ölüm halları çoxdur.

Amma bir neçə gün bundan əvvəl dünyanın ən nüfuzlu elmi jurnalı olan “The Lancet”də məlumat verildi ki, mutasiyaya uğramış virus ancaq yoluxma qabiliyyətinin artması ilə nəticələnir. Virusun öldürücülük qabiliyyətinə, xəstəliyin ağırlıq dərəcəsinə bu təsir etməyib.

Beləliklə, biz son araşdırmanın nəticəsini deyə bilərik. Azərbaycanda da rast gəlinən mutant ştammlar xəstəliyi daha da yoluxucu edib. Ancaq xəstəliyin ağırlıq dərəcəsində və öldürücülük qabiliyyətində elə bir fərq aşkar olunmayıb”.