Aortal çatışmazlıq

Aortal çatışmazlıq

Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) – qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər.

Etiologiya

Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər:

  • infeksion endokardit
  • aortal disseksiya.

Xroniki AÇ-ğın səbəbləri bunlardır:

  • ikitaylı aortal qapaq – anadangəlmə səbəblərdən biri.
  • membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru – ən yayqın anadangəlmə anomaliya
  • aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2-3 tayın olmaması 
  • revmatik qızdırma
  • infeksion endokardit
  • miksomatoz degenerasiya
  • aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri
  • qalxan aortanın anomaliyaları
    • uzunsürən tənzimlənməyən qan təzyiqi
    • Marfan sindromu
    • idiopatik aortal genişlənmə
    • sistik media nekrozu
    • aortanın qocalıq ektaziyası, genişlənməsi
    • sifilitik aortit
    • revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit
    • başqa spondiloartritlər
    • Whipple xəstəliyi.
Əlamətləri

Aortal çatışmazlıq iki cür olur:

  • kəskin AÇ – ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir.
  • xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.