af

Afrika tripanosomozu

Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.).T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir.

Simptomları və dioqnostikası

İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü biruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu.

Profilaktikası və müalicəsi

Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər. Müalicənin ilk mərhələsində pentamidin, yaxud suramin kimi preparatlar tətbiq olunur. Müalicənin ikinci mərhələsində eflornitin, yaxud nifurtimoks və eflornitinin kombinasiyası tətbiq oluna bilir. Amma melarsoprol hər iki parazit tipinə qarşı daha effektivdir və ondan adətən daha ağır hallarda istifadə edilir.

Yayılması

Xəstəliyin yayılması müntəzəm olaraq Tropik Afrikanın bəzi regionlarında baş verməkdədir; 36 ölkənin təxminən 70 milyon nəfər əhalisi xəstəliyə yoluxma təhlükəsi altındadır. 2010-cu ildə bu xəstəlikdən 9 000 nəfər ölmüşdür; lakin ölüm səviyyəsi 1990-cı ilin nəticəsinə (34 000) nisbətən xeyli azalmışdır. Hal-hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 30 000 nəfərdir və onların da 7 000 nəfəri xəstəliyə 2012-ci ildə yoluxmuşdur. Xəstəliyə tutulma hallarının 80%-dən çox hissəsi Konqo Demokratik Respublikası ərazisində qeydə alınmışdır. Yaxın keçmişdə üç böyük epidemiya hadisəsi baş vermişdir: biri 1896-cı ildən 1906-cı illə qədər davam etmişdi (Uqanda və Konqo hövzəsində başlamışdı), digər iki böyük epidemiya isə — 1920 və 1970-ci illərdə bəzi Afrika ölkələrində baş vermişdir. Bəzi heyvanlar, məsələn, inəklər, həm xəstəliyin daşıyıcısı ola və həm də xəstəliyə tutula bilər.