XƏSTƏLİKLƏR

Aşağı çənənin çıxıqları

Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları – aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür:

  • ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib);
  • arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib);
  • birtərəli çıxıqlar;
  • ikitərəfli çıxıqlar.

Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq).

Etiologiyası və patogenezi

Ön çıxıqların əmələ gəlməsinə səbəb olur:

  • kapsulyar-bağ aparatının zəifləməsi;
  • oynaq elementlərinin deformasiyası (hipertrofiyası);
  • oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi.

Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir:

  • zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir;
  • zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).

Adətkar çıxıqlar gündə bir neçə dəfə əmələ gələ bilər və xəstənin özü tərəfindən yerinə salınır. Adətkar çıxıqlar çox vaxt epileptiklərdə, həmçinin ensefalit keçirmiş şəxslərdə və klonik qıcolmadan əziyyət çəkənlərdə müşahidə edilir. Burxulmanın səbəbləri:

  • oynağın revmatik və ya podaqrik (onların nəticəsində aşağı çənəaltı çuxurun dərinliyi azalır) zədələnməsi;
  • dişlərin itirilməsi və ya patoloji sürtülməsi ilə əlaqədar dişləmin əvvəlki hündürlüyünün dəyişməsi.

Adətkar çıxıq aşağı çənənin kəskin çıxığının düzgün müalicə edilməməsi nəticəsində də yarana bilər (çənənin yerinə salınmasında müəyyən vaxt sonra onu immobilizasiya etməmək). Bunun nəticəsində oynaq kapsulası və oynağın bağ aparatı xeyli dartılır.

Kliniki mənzərəsi

Ön çıxıq aşağı çənə başının gicgah sümüyünün oynaq qabarına nisbətən önə yerdəyişməsi ilə xarakterizə olunur, nəticədə də ağız açıq qalır (ikitərəfli çıxıq zamanı ağız daha geniş açıq qalır), çənə aşağı və önə doğru yerini dəyişib (ikitərəfli çıxıq zamanı), zərərçəkən az və ya çox dərəcədə ağrı hiss edir. Nitq çətinləşib, çeynəmə mümkün deyil, ağızdan tüpürcək axır, çünki dodaqları qapamaq çətin, hərdən isə ümumiyyətlə mümkün deyil. Birtərəfli çıxıq zamanı çənə mərkəzi kəsicilərlə və aşağı dodaq yüyəni ilə sağlam tərəfə yerdəyişir, ağız yarıaçıqdır, dodaqları qapamaq olur. Aşağı çənənin hərəkəti yalnız aşağıya doğru mümkündür, lakin ağız bu zaman daha böyük açılır. Qulaq traqusundan öndə enmə, almacıq sümüyünün altında gicgah sümüyünün oynaq qabarından öndə isə aşağı çənə başının gicgahaltı çuxura yerdəyişməsi hesabına qabarma müəyyən edilir. Çənə şaxələrinin arxa kənarı çəp istiqamət alır, çənə bucağı isə gicgah sümüyünün məməyəbənzər çıxıntısı ilə yaxınlaşır. Gicgah-çənə oynağının yan proyeksiyada rentgenoqramı zamanı aşağı çənə başının gicgah sümüyünün oynaq qabarından öndə olması görünür. Kəskin çıxığın ağırlaşmaları residivlər və adətkar çıxıqlar hesab edilir. Aşağı çənənin arxaya doğru çıxığı yaranır:

  • çənənin bir qədər aralanması anında zərbə nəticəsində;
  • aşağı molyar dişlərin çəkilməsi zamanı böyük qüvvə tətbiq etdikdə;
  • qıcolma əsnəməsi zamanı.

Bunun nəticəsində aşağı çənə başı aşağı çənə çuxuru ilə gicgah sümüyünün məməyəbənzər çıxıntısı arasında , eşitmə borusunun aşadivarı altında müəyyən edilir. Bəzən bu zaman xarici qulaq keçəcəyinin ön divarı (sümük divarı) sınır ki, bu da aşağıdakı əlamətlərlə aşkara çıxır:

  • çənələrin birləşməsi;
  • ağızın açılmaması;
  • çənənin arxaya yerdəyişməsi;
  • aşağı kəsicilərin yumşaq damağın selikli qişasına oturması nəticəsində yuxarı və aşağı molyarların antaqonistliyinin pozulması.

Makroqlossiya zamanı çıxıq dilin enməsinə və tənəffüsün çətinləşməsinə gətirə bilər. Burxulma nəticəsində oynaq elementləri oynağın yuxarı (diskotemporal burxulma) və ya aşağı hissəsi ilə (diskokondulyar burxulma) yerdəyişir. Birinci halda aşağı çənə başı oynaqdaxili disklə önə yerdəyişir, sonuncu halda isə disk tərpənmədən ondan sürüşür. Bu zaman əvvəlcə disk əyilir, daha sonra isə düzəlir ki, bu da şaqqıltı və ya xırçıltı ilə müşayiət olunur. Daha doğrusu bu halda xroniki təkrarlanan burxulma müşahidə edilir.

Diaqnostikası

Yekun diaqnozun qoyulması kliniki anamnez və kliniki mənzərə məlumatları, eləcədə əlavə müayinə üsullarının nəticələri əsasında qoyulur. Birtərəfli çıxığı aşağı çənənin birtərəfli sınığından differensiasiya etmək lazımdır. Bu zaman çənənin önə və sağlam tərəfə hərəkət etdirilmə simptomu olmur. Aşağı çənənin ikitərəfli ön çıxığını kondilus çıxıntılarının və ya çənə şaxələrinin sınmış hissələrlə yerdəyişməsi ilə ikitərəfli sınığından fərqləndirmək lazımdır (yəni sınıq zamanı sınmış hissələrlə birgə yerdəyişmə). Bu zaman aşağıdakı əlamətləri nəzərə almaq lazımdır:

  • hər iki halda dişləm açıqdır, lakin çənənin çıxığı zamanı bütün frontal diş qrupu önə doğru itələnmiş, sınığı zamanı isə arxaya yerdəyişmişdir;
  • xəstənin xarici görünüşü çıxıq zamanı progenik, sınıq zamanı siə proqnatikdir;
  • sınıqla xəstədə aşağı çənənin hərəkət amplitudası böyükdür, ağızın açılmasının məhdudlaşması isə ağrı hissiyyatı ilə əlaqədardır;
  • çıxıq zamanı ağız yalnız müəyyən vəziyyətlərdə əlavə olaraq açıla bilər, baxmayaraq ki, xəstə aşağı çənəni hərəkət etdirmək istədikdə güclü ağrı hiss etmir;
  • sınıq zamanı aşağı çənə şaxələrinin arxa kənarları çıxığa nisbətən daha asılı və distal yerləşir;
  • sınıq zamanı çənə şaxələrinin arxa kənarının yuxarı şöbəsini palpasiya etdikdə onun deformasiyasını və lokallaşmış ağrını aşkarlamaq olar, amma sınıq zamanı belə hal yoxdur;
  • sınıq və çıxıq zamanı xarici qulaq keçəcəyindən aşağı çənə başını palpasiya etdikdə onun hərəkəti hiss olunmur, lakin sınıq zamanı (oynaq başı çıxmayıbsa), traqusdan öndə enmə olmur.

Rentgenoqrafik olaraq çıxıqla müşayiət olunmayan sınıqlar zamanı müəyyən olunur ki, aşağı çənə başı öz yerində yerləşir, çıxıq zamanı isə o, oynaq çuxurundan çıxır və oynaq qabarından öndə yerləşir. Sınıq zamanı çıxıqdan fərqli olaraq rentgenoqramda sınığın kölgəsi yarıq şəklində görünür.

Siz həmçinin bəyənə bilərsiniz...